Bakıda avtomobillərin akkumulyatorunu oğurlayan 4 nəfər saxlanılıb. Bu haqda dekabrın 10-da Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Qala qəsəbəsinin sakini ona məxsus avtomobilin akkumulyatorunun naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Daha sonra Polis Bölməsinə həmin ərazidə yaşayan daha 9 sakindən eyni şikayət ərizələri gəlib.
Keçirilən əməliyyatlar zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakinləri tutulub. Onlar ifadələrində Qala, Binə və ətraf qəsəbələrdə oğurluq etdiklərini və akkumulyatorları əlvan metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Azərbaycanda cari ilin birinci yarısında 15 minə yaxın cinayət hadisəsi qeydə alınıb. Onlardan oğurluqların sayı 3 017 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə oğurluq hadisəsi 16% artıb.