2030-cu ilədək olan dövrdə biz “yaşıl artım” ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirmişik. Bu sözləri iyunun 1-də Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin açılışında çıxış edərkən söyləyib.
Dövlət başçısı bildirib ki, ölkədə mövcud olan sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti və böyük enerji potensialı bərpa olunan enerji növlərinin istehsalı və ixracı sahəsində geniş perspektivlər yaratmışdır.
Onun sözlərinə əsasən, Azərbaycan enerji sahəsində iri layihələrin icrasına başlayıb: “Artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılması sahəsində mühüm nailiyyətə imza atılıb. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir”.
Həmçinin İlham Əliyev işğaldan azad edilmiş ərazilərin enerji potensialından da danışıb: “Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9‒10 min meqavata çata bilər. Artıq aparıcı beynəlxalq şirkətlərlə birlikdə “yaşıl enerji” zonası üçün konseptual layihələr hazırlanıb, müasir bərpa olunan enerji mənbələrindən ibarət unikal “yaşıl enerji zonası” konsepsiyasının yaradılması davam etdirilir”.