Qanunsuz parklanma yerlərini təşkil edənlər, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edənlər 2 min manatadək cərimə olunacaqlar. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu barədə 28 iyun tarixində APA məlumat verib.
Layihəyə əsasən, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.