Mayın 12-də Londonda kral ailəsi üzvlərinin şərəfinə keçirilən ənənəvi Vindzor Kral Atçılıq Şousunda Azərbaycan təmsilçiləri də olacaq. Bu haqda Report-a Azərbaycan Respublikası Atçılıq Federasiyasından məlumat verilib.
Kraliça II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümünə həsr olunan tədbirdə Azərbaycan nümayəndələri "Odlar Yurdu” adlı xüsusi proqram təqdim edəcək.
DSX-nin 15 süvarisi Qarabağ atları üzərində hərəkətlər nümayiş etdirəcək, Əməkdar artist, xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə "Sərhədçi" ansamblı milli musiqinin sədaları altında rəqs kompozisiyası sərgiləyəcək.
Üç gün davam edəcək şouda Azərbaycan nümayəndələrinin ümumilikdə 4 çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri bu şouya 2012-ci ildən qatılır.