Abşeron rayonunun Saray qəsəbəsi ərazisində dəhşətli qətl baş verib. Bu barədə İnsanoid Baku TV-yə istinadən bu gün, 24 iyul tarixində xəbər verir.
İddialara görə, qardaş hamam otağında qardaşını öldürüb, ardınca pəncərəyə çıxaraq özünü aşağı atıb.
Ailə binanın beşinci mərtəbəsinə yeni köçüb. Onlar ətrafda kifayət qədər sakit həyat tərzi sürmələri ilə tanınıblar.
İyulun 23-də saat 19:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində iki şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron Rayon Prokurorluğundan bildirilib ki, araşdırma zamanı 59 yaşlı Mərdan Bağırovun birgə yaşadıqları mənzildə 62 yaşlı qardaşı Sərxan Bağırova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsi, daha sonra isə özünü binadan ataraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.