Qax şəhəri ərazisində yerləşən mənzillərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə 13 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, zərərçəkən polisə müraciət edərək ona 11 000 manat dəyərində maddi ziyan dəydiyini söyləyib.
Əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri olan iki qardaş saxlanılıb. Bildirilib ki, onlar əvvəllər də oğurluğa görə 4 dəfə məhkum olublar.
Bildirilib ki, oğurluq edənlər oğurluq etmək məqsədilə Zaqatala rayonundan velosipedlə Qaxa gəliblər. Daha sonra onlar oğurladıqları qızıl-zinət əşyalarını Zaqatala və Şəki şəhərlərindəki qızıl qəbulu məntəqələrinə ucuz qiymətə satıblar.
Faktla bağlı araşdırma aparılır.