Şəmkirdə qayınanasını öldürməkdə, həyat yoldaşını ağır yaralamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır. Bu barədə dekabrın 28-də Report məlumat yayıb.
İşə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə bu il iyul ayının 14-də rayonun Şiştəpə kəndi ərazisində qeydə alınıb. Kənd sakini aralarında yaranan mübahisə zamanı qayınanısını xəncərlə qətlə yetirib. O, həmçinin həyat yoldaşını, qohumunu və azyaşlı uşağı qəsdən öldürməyə cəhd edib.
Sözügedən şəxsə “xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə”, “iki və ya daha çox şəxsi öldürməyə cəhd” maddələri ilə ittiham elan edilib. O, həbs edilərək istintaqa cəlb olunub.
Ölkədə 2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib. Xəsarət alanların sayı isə 24 təşkil edib. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.