Qazax, Ağstafa və Tovuz rayonlarında payızlıq əkinlərin bəyanı prosesini sürətləndirmək məqsədilə görüş keçirilib. Bu barədə dekabrın 8-də Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Tədbirdə fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) şəxsi kabinetlərin aktivləşdirilməsi, məlumatların sistemə daxil edilməsi haqqında məlumat verilib. Həmçinin torpaq nümunələrinin aqrokimya laboratoriyalarına təqdim olunmasının və 10 hektardan artıq əkin sahəsinin sığorta edilməsinin zəruriliyi vurğulanıb.
Payızlıq əkinlərə görə subsidiya almaq üçün müraciətlərin müddəti dekabrın 30-da başa çatır. Bu tarixədək fermerlər öz əkinlərini EKTİS-də bəyan etməlidirlər.
Əkinlərini vaxtında bəyan edən və müraciətləri təsdiqlənən fermerlər subsidiyaları fevral-mart aylarında alacaqlar.
Növbəti görüşün Şəmkir, Göygöl və Samux rayonlarında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, aqrar subsidiyalar 2020-ci ildən başlayaraq EKTİS üzərindən verilir.