Azərbaycan Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa Birliyinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Bu barədə millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov iyunun 13-də paylaşım edib.
Ekspert qeyd edib ki, bu ilin ilk 5 ayında Azərbaycanın Avropaya qaz ixracı 2,2 dəfə artaraq 4,5 milyard kubmetrə yüksəlib.
“Nəticələr göstərir ki, Azərbaycanın Avropanın və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyini daha da gücləndirir”, - deyə V.Bayramov söyləyib.
Qeyd edək ki, cari ildə ölkəmizdə 19,6 milyard kubmetr qaz hasil edilib ki, onun da 9,4 milyard kubmetri ixrac olunub. Ümumilikdə ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 27% artıb.