Dələduzluq yolu ilə şəhid anasının 11 min manat vəsaitini ələ keçirən Bakı şəhər sakini İlham Abdullayev saxlanılıb. Bu barədə iyunun 29-da Baku TV xəbər verib.
İ.Abdullayev Vətən müharibəsi şəhidi Murad Kəlbiyevin anasına oğlunun adını yaşadıqları Qusar rayon Cibir kənd orta məktəbinə verdirəcəyini vəd edib. Bunun müqabilində o, qadından iki dəfəyə 11 min manat alıb.
Saxlanılan şəxs digər vətəndaşların da pullarını mənimsəməkdə təqsirləndirilir. Onun zərərçəkmişlərə 36 min manat məbləğində zərər vurduğu müəyyən edilib.
Qeyd edək ki, Murad Kəlbiyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Füzuli döyüşlərində şəhid olub. O, ölümündən sonra "Füzulinin azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunub.