Salyanda bibisinin evini qarət etməyə hazırlaşan şəxs saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 24 iyul tarixində məlumat verir.
Salyan polisi gecə saat 03:00 radələrində rayonun Beştalı kəndi ərazisində əvvəllər məhkum olunmuş Orxan Ələkbərov və tanışı Atakişi Məmmədovu saxlayıb.
Onların idarə etdiyi “Chevrolet” markalı avtomobildən eynək, iki ədəd dəyənək, iki cüt əlcək və iki ədəd papaq aşkarlanıb. Araşdırmalar zamanı adıçəkilən şəxslərin tamah niyyəti ilə O.Ələkbərovun bibisinin həmin kənd ərazisində yerləşən evinə qanunsuz olaraq daxil olmağa hazırlaşdıqları müəyyən olunub.
Bundan əlavə, polis əməkdaşlarının apardıqları əlavə araşdırmalar zamanı O.Ələkbərovun və A.Məmmədovun ötən ilin noyabr ayında Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisində yerləşən evlərdən birinə qanunsuz daxil olaraq, zərərçəkmişə məxsus 9 650 manat dəyərində qızıl-zinət əşyalarını oğurladıqları da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.