SOCAR ölkədə "A-95 PREMİUM" markalı avtomobil benzininin satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin bahalaşması ilə bağlı yayılan məlumatları təkzib edib. Bu barədə 31 may tarixində İctimaiyyətlə əlaqələr və Kommunikasiya xidmətinə istinadən Trend məlumat verib.
Şirkət nümayəndəsinin sözlərinə görə, yayılan məlumatlar doğru deyil: "Heç bir məhdudiyyətdən, bahalaşmadan söhbət belə gedə bilməz. Çox güman ki, məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqəsində yaranmış texniki problemlə bağlı olub". O qeyd edib ki, şirkət tərəfindən yanacağın satışı fasiləsiz olaraq həyata keçirilir.
Qeyd edək ki, "A-95 PREMİUM" və "A-98 SUPER" markalı yanacaq növləri ölkədə istehsal olunmur. Hazırda sözügedən yanacağın 1 litrinin qiyməti müvafiq olaraq 1,60 və 1,90 manat təşkil edir.