İyunun 11-də Sumqayıt şəhərində “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək. Bu barədə 8 iyun tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, tədbir Nəsimi parkında keçiriləcək. Sakinlər yarmarkanı saat 10:00-dan 20:00-dək ziyarət edə bilərlər. Yarmarkada KOB subyektləri tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və satışı həyata keçiriləcək. Festivalda, həmçinin mədəni-əyləncəli proqram təşkil ediləcək.
“KOB Fest” sərgi-satış yarmarkaları cari ilin aprel ayından keçirilir. Son tədbir mayın 23-də Lənkəranda təşkil edilib. İlk KOB Fest yarmarkası 25 aprel tarixində Bakıda keçirilib.