Suriyada “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakda şübhəli bilinən Azərbaycan vətəndaşı, 33 yaşlı Şıxıyev Bəxtiyar saxlanılıb. Bu barədə mayın 12-də Dövlət Təhlükəsizliyi Xidməti məlumat verib.
Şübhəli bilinən şəxs terror aktlarının törədilməsi ilə müşayiət olunan və dini radikalizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriyada təlimlər keçib. O, həmçinin odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakında şübhəli bilinir.
B.Şıxıyev “Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə” maddəsilə ittiham olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma davam edir.