Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil edilən müntəzəm avtobus reyslərinin noyabr ayına olan biletləri 25 oktyabr 2022-ci il saat 15:00-da satışa çıxarılacaq.
Bu barədə oktyabrın 22-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi vətəndaşlara bir daha tövsiyə edir ki, sosial şəbəkələrdə Şuşa istiqamətində “turlar” təşkil edilməsi ilə bağlı elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər. Biletləri heç kimə əlavə vəsait ödəmədən özləri alsınlar.