Ucarda fərdi yaşayış evi yanıb. Bu barədə 27 iyun tarixində APA məlumat verib.
Məlumata əsasən, hadisə rayonun Qazyan kəndində qeydə alınıb. Belə ki, 82 yaşlı kənd sakininə məxsus 2 mərtəbəli evdə yanğın baş verib. Nəticədə ev əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğın söndürülüb. Bildirilib ki, yanğın ailə münaqişəsi zamanı ev sahibi tərəfindən törədilib.
Sözügedən rayonda daha bir fərdi yaşayış evi yanıb. Hadisə saat 23:50 radələrində rayonun Vəsilə Zahidova küçəsində qeydə alınıb. Belə ki, 1950-ci il təvəllüdlü rayon sakininə məxsus 3 otaq və artırmadan ibarət evdə yanğın baş verib. Məlumata görə, ev sahibi Bakıda yaşadığından hadisə barədə yanğınsöndürənlərə qonşular xəbər verib.
Bildirilib ki, yanğın baş verən vaxt evin pəncərələrinin şüşələri sınıq olub və qonşu otaqlarda əşyalar dağıdılıb. İlkin ehtimala görə, oğrular evi qarət etdikdən sonra izi itirmək məqsədi ilə yanğın törədiblər.
Hər iki faktla bağlı araşdırma aparılır.