XİN dekabrın 11-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatları haqda məlumat yayıb.
Dekabrın 8-də Kəlbəcərdə təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub. 9-10 dekabr tarixlərində isə Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətindən hərbi mövqelərimizi atəşə tutub. Cavab tədbirləri nəticəsində qarşı tərəfin təxribatlarının qarşısı alınıb.
İki dövlət sərhədində yaşanan gərginliyin məsuliyyəti birbaşa Ermənistan rəhbərliyinin üzərindədir.
Ermənistan XİN-in Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsi tamamilə əsassızdır. Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır.