Xızıda qətl törətməkdə təqsirləndirilən yeniyetmənin cəzası artırılıb. Qərara əsasən, dövlət ittihamçısının verdiyi apellyasiya protesti təmin olunub. Bu haqda dekabrın 28-də Report məlumat yayıb.
Sözügedən şəxsə təyin olunan 7 il 6 aylıq cəza 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.
Hadisə 2020-ci ilin mart ayının 15-də Şorabad qəsəbəsində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü qəsəbə sakini 2003-cü il təvəllüdlü həmyerlisini bıçaqlayaraq qətlə yetirib. Daha sonra o, polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.
Onun barəsində “qəsdən adam öldürmə” maddəsi ilə ittiham irəli sürülüb.
Azərbaycanda 2021-ci ilin birinci yarısında 15 minə yaxın cinayət hadisəsi baş verib. Onlardan qəsdən adam öldürmə və adam öldürməyə cəhdlərin sayı 109 təşkil edib.