Bakı-Quba-Rusiya ödənişli avtomagistralının 153-cü kilometrində - yolun Xaçmaz rayonunun Hülövlü kəndindən keçən hissəsində ağır xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə 25 iyul tarixində Report məlumat verib.
“Chery” markalı minik avtomobili ödənişli yolda idarəetmədən çıxaraq aşıb.
Ardınca eyni ərazidə “Chevrolet” markalı minik avtomobili arxadan yolun kənarında dayanmaq istəyən “KIA” markalı maşına çarpılıb.
Baş verən qəzalar nəticəsində ümumilikdə səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparılıblar.