Çexiya, Slovakiya, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT və öz ölkələrində parlamentdə çalışan nümayəndə heyəti Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlığa səfər edib. Bu barədə 15 oktyabr tarixində APA məlumat verib.
Səfər iştirakçılarına Birinci Qarabağ müharibəsi zamanı ermənilərin əsir və girov götürdüyü azərbaycanlıları öldürüb kütləvi dəfn etdikləri və bu günədək həmin məzarlıqların xəritələrinin təqdim edilmədiyi bildirilib.
Qeyd olunub ki, bu il sentyabrın 14-də Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda 12 nəfərin meyitinin qalıqları aşkarlanıb.
Bu ilin fevral ayında Edilli kəndində başqa bir kütləvi məzarlıqda 6 nəfərin, martın 29-da Xocalı rayonunun Fərrux dağında isə bir kütləvi məzarlıqda 3 nəfərin cəsədi aşkarlanmışdı.