Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinə qeydiyyat baslayıb. Bu barədə 19 sentyabr tarixində Dövlət İmtahan Mərkəzi məlumat verib.
İmtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır.
Namizədlər imtahanda iştirak etmək üçün 19 sentyabr saat 10:00-dan 20 sentyabr saat 18:00-dək DİM-in saytında qeydiyyatdan keçib ödəniş etməlidirlər.
İmtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi sentyabrın 23-də, danışıq bloku imtahanı isə sentyabrın 24-də keçiriləcək.
Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq, namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.
İmtahanın ikinci mərhələsi haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.