Fransa Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı yönələn, açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir. Bu barədə oktyabrın 14-də Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları rədd edirik. O, Ermənistanın ərazilərimizi 30 ilə yaxın işğal altında saxlamasını, bu torpaqlardakı qanunsuz fəaliyyətini, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayıb”, - deyə qurumdan bildirilib.
Əlavə olunub ki, E.Makron ölkəsi Minsk Qrupunun həmsədri olmasına rəğmən bir kəlmə də olsun söz deməyib. Həmçinin onun Ermənistanın minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susduğu vurğulanıb.
Məlumatda Azərbaycanın öz növbəsində Fransa Prezidentinin münasibətlərin normallaşmasında vasitəçilik təşəbbüslərinə “yox” demədiyi də bildirilib. Bu günədək E.Makronun vasitəçiliyi ilə 4 fevral və 6 oktyabr tarixlərində dördtərəfli görüşlər baş tutub.