Zəngəzur dəhlizinin açılması Azərbaycan ərazisi ilə yükdaşımaların həcmini artırmağa imkan yaradacaq. "APA"nın məlumatına görə, bu barədə 7 dekabr tarixində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlama və inkişaf departamentinin müdiri Xudayar Həsənli deyib.
Onun sözlərinə görə, hazırda Türkiyə-Mərkəzi Asiya istiqaməti üzrə daşımaların həcmi 120 min tona yaxındır və bunun ancaq 20%-i Azərbaycanın ərazisi ilə həyata keçirilir. Departament müdirinin fikrincə, Azərbaycan üçün hədəf bu göstəricini 40-50%-ə çatdırmaqdır.
Xudayar Həsənli əlavə edib ki, Zəngəzur dəhlizinin açılması daşımaları tezləşdirməklə yanaşı, onları ucuzlaşdıracaq. Yanacaq xərclərinin azalması və dəhliz çərçivəsində sərhəd-buraxılış keçidlərinin olmaması buna imkan yaradacaq.