Taxıl sahələrinin 66%-ində biçin prosesi yekunlaşıb. Biçin tam başa çatmış rayonların əkin sahələrində yay şumuna başlanıb. Bu barədə 5 iyul tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Nazirliyin nümayəndəsi bildirib ki, bu il Azərbaycanda hər hektardan 50-60 sentnerdən yuxarı məhsul götürən fermer təsərrüfatlarının sayı əvvəlki ilə nisbətən daha çoxdur. Onun sözlərinə görə, bol məhsul götürülməsinin səbəbi əkin materialı kimi sertifikatlı toxumdan istifadə edilməsidir və sahələrə düzgün aqrotexniki qulluğun göstərilməsidir.
“Fermerlərimiz bu il də biçindən sonra yay şumu aparmağa daha çox maraq göstərirlər. Artıq ölkə üzrə biçin başa çatmış ərazilərin 20%-ində yay şumu aparılıb”, - deyə o bildirib.
Qeyd olunub ki, ümumilikdə sahələrdən 2 milyon tona yaxın məhsul yığılıb. Hazırda biçin prosesində 1 655 kombayn iştirak edir.
![]()