Mayın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən yolun uzunluğu 123,6 kilometr təşkil edir. Yol boyunca üç avtomobil tuneli inşa ediləcək. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur.
Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır.
Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.