May ayı bir çox tədbirlərlə, xüsusən də, türkiyəli müğənnilərin konsertləri ilə zəngindir. İnsanoid baharın son 31 günündə ölkədə təşkil ediləcək bəzi performanslar haqda araşdırma aparıb.
Bakı Konqres Mərkəzində qonşu ölkədən olan bir musiqi qrupu və üç ifaçı müxtəlif tarixlərdə sevənləri ilə görüşəcəklər:
1999-cu ildə yaradılmış türk rok qrupu “Duman” mayın 1-də saat 20:00-da səhnəyə çıxacaq. Biletlərin qiyməti 15 - 190 manat arasında dəyişir;
“Martılar”, “Arıyorum” adlı mahnıları ilə dinlənmə siyahılarında ilk yerlərdə olan Edis Görgülü 7 və 8 mayda konsert proqramı ilə çıxış edəcək. Onun konsertinə ilk 6 saat ərzində 1000-dən çox bilet alınıb. Bununla da o, Azərbaycanda rekorda imza atıb. Biletlərin qiyməti 15 - 190 manatdır;
Sibel Can mayın 14-də, Murat Boz isə mayın 21-də paytaxtımızın qonağı olacaq. Onların bir saat yarımlıq konsertində iştirak etmək üçün qiyməti 220 manatadək olan biletləri almaq olar. Eyni zamanda mayda Mabel Matiz, Gökhan Türkmen, Gülşən və Emre Aydının konsertləri keçiriləcək.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında mayın 1-i uşaqlar üçün rus dilində “Mickey Mouse və dostlarının macəraları” tamaşası təşkil ediləcək. Saat 12:00-da başlayacaq tədbir üçün nəzərdə tutulan biletlərin dəyəri 4 - 20 manatdır.
Bədii gimnastika üzrə 27-ci Bakı Birinciliyi mayın 2 və 4-ü keçiriləcək. Yarışda 9 klubdan ümumilikdə 157 gimnast qüvvəsini sınayacaq. Biletləri 7 manata almaq mümkündür.
Ginnesin Rekordlar Kitabına dünyanın ən cəld pianoçusu kimi daxil edilən Peter Bence mayın 19-da Heydər Əliyev Sarayının səhnəsində olacaq. Biletləri 39 - 219 manata əldə etmək olar.
Mayın 29-da Opera Studiyasında “Sirkin sehri” interaktiv şou-tamaşası olacaq. Proqram çərçivəsində azyaşlıları sehrbazlar, kəndirbazlar və illüziyaçılar əyləndirəcəklər.
Ayın sonunda “Planet Parni iz Baku” komandası "Gülüşün Buster Dozası" adlı yeni solo konsertlərini təqdim edəcək. Tədbir 29, 30 may və 4 iyun tarixlərində baş tutacaq. Biletlərin qiyməti 30 - 320 manat civarındadır.
Qeyd edək ki, tamaşaçılarda COVID-19 pasportunun və ya immun sertifikatının olması zəruridir. Adıçəkilən tədbirlərdə iştirak etmək üçün biletləri iticket.az saytından əldə etmək olar.