Bu gün, mayın 18-də ölkəmizdə “Beynəlxalq Muzeylər Günü” qeyd olunur. İnsanoid paytaxtdakı 5 qeyri-adi muzeyi ziyarət etməyi təklif edir:
"Suraxanı” gəmi-muzeyi Dənizkənarı Milli Parkda yer alır. Ekskursiya müddəti 90 dəqiqədir. Burada Xəzərin tarixi, dünyada ilklərdən sayılan gəmilər, naviqasiya alətləri, 5 000 ilə yaxın tarixə malik dəniz düyünləri ilə tanış olmaq olar. Bazar ertəsi və çərşənbə axşamı istisna olmaqla, muzey hər gün saat 10:00-dan 19:00-dək ziyarətçiləri qəbul edir. Giriş üçün fərdi ziyarətçilər 5, tələbələr, uşaqlar və ASCO əməkdaşları isə 2 manat ödəməlidirlər. Qrup şəklində (8-10 nəfər) gələnlər üçün ödəniş 3 manat təşkil edəcək.
[gallery columns="2" link="file" size="full" ids="48817,48818,48815,48816"]
Dünyada ilk və hələ ki yeganə olan özəl Miniatür Kitab Muzeyi Şirvanşahlar Sarayının yaxınlığında yerləşir. 2014-cü ildə muzey kolleksiyasının bir hissəsi – 2 913 nadir miniatür kitab “Ginnesin Rekordlar Kitabına” daxil edilib. Bazar ertəsi və cümə axşamı istisna olmaqla, muzey hər gün saat 11:00-dan 17:00-dək açıqdır. Giriş pulsuzdur.
[gallery link="file" columns="2" size="full" ids="48830,48834,48832,48831"]
Farhouse Neon İncəsənət Muzeyi 2015-ci ildə rəssam Fərid Ələkbərov tərəfindən təsis edilib. Novxanı kəndindəki məkan hər gün saat 17:00-dan 21:00-dək fəaliyyət göstərir. Muzeyə səfər etmək üçün əvvəlcədən tarix və vaxtı müəyyənləşdirmək vacibdir. Biletin qiyməti 8 manatdır. Qrup şəklində gələnlər isə 5 manat ödəyə bilərlər. 5 yaşa qədər uşaqlar üçün ödəniş tələb olunmur.
[gallery link="file" columns="2" size="full" ids="48837,48838,48839,48840"]
“Tullantıdan Sənətə” muzeyi "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb. Hal-hazırda muzeydə 180-ə yaxın müxtəlif sənət nümunələri var. Onlar plastik qablar, sellofanlar, maşın hissəcikləri, siqaret kötükləri, insanların lazımsız hesab etdiyi tullantı materiallarından hazırlanıb. Giriş üçün pul istənilmir.
[gallery link="file" columns="2" size="full" ids="48845,48846,48847,48848"]
YARAT Müasir İncəsənət Mərkəzi Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşir. Burada 5 000 eksponat nümayiş olunur. Muzeydə fərdi sərgilər, təhsil proqramları və festivallar təşkil olunur. Sərgi salonlarına giriş sərbəstdir.
[gallery link="file" columns="2" size="full" ids="48852,48853,48854,48851"]
Qeyd edək ki, bu gün Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün muzeylərdə açıq qapı günü olacaq.