İnsanoid Bakıdakı bir neçə məşhur gürcü restoranlarının qiymətlərini müqayisə edərək sizə təqdim edir.
Nani Georgian House Xətai rayonunda, Afiyəddin Cəlilov küçəsində yerləşir. Restoranda bir sadə xəngəlin qiyməti 1 manat, qızardılmışın isə 1,50 manatdır. Burada xəngəldən başqa, digər gürcü yeməkləri də var: çaşuşuli, çakapuli, ocaxuri, xaçapuri və s. Onların qiymətləri 6-12 manat civarındadır. Qeyd edək ki, souslar (acika, satsebeli, tkemali) burada ayrı - 2 manata satılır.
Dövlət Statistika Komitəsinin yanında, Abdulla Şaiq 214 ünvanındakı Bukhari-də müştərilərə dörd cür xəngəl təklif edilir: ət, göbələk və pendirlə. Birinin qiyməti 1 manat təşkil edir. Qızardılmış xəngəlin bir dənəsi isə 1,50 manatdır. Burada da souslar ayrı satılır. Tkemali 3 manat, acika isə 2 manatdır. Xaçapurilərin qiyməti növündən asılı olaraq 9-10 manat arasında dəyişir.
M.İbrahimov 7 ünvanında fəaliyyət göstərən Udali-nin özəl yeməyi Tavaduridir. Tərkibi mal əti, göbələk, pomidor, soğan və suluquni pendirindən ibarətidir. Bir payın qiyməti 9 manatdır. Bu restoranda xəngəlin 800 qramı 10 manata təklif edilir. Qızardılmış xəngəlin qiyməti 12 manatdır.
Xəlgəland Mehdi Hüseyn küçəsi 88, İçərişəhər metro stansiyasının yaxınlığında yerləşir. Burada 40 manata "Gürcüsayağı" set mövcuddur. Setə 10 gürcü xəngəli, acika, iki kupati, acar xaçapuri, tkemali və bir litr qırmızı şərab daxildir. Həmçinin məkanda müştərilərə iki nəfərlik xəngəl seti təklif olunur. İki pay qiyməli yarpaq xəngəli, 10 dənə gürcü xəngəli, turşu assorti, təzə salat, qatıq, acika və limonaddan ibarət setin qiyməti 17,90 manat təşkil edir. Xəngəlin biri 70 qəpik, qızardılmışın isə qiyməti 80 qəpikdir.
İmereti Rəsul Rza 23 küçəsində fəaliyyət göstərir. Ət, pendir, göbələk və lobya ilə xəngəlin qiyməti 1 manat, qızadırılmışın isə 2 manat təşkil edir. Hər yerdə olduğu kimi, burada da xaçapurilərin qiyməti növündən asılıdır. İmeretisayağı və Acarsayağı 10, Meqrelsayağı 12, Çarsasayağı xaçapuri isə 15 manatdır.
Üzeyir Hacıbəyov 26 küçəsindəki Marani restoranında ət ilə xəngəlin dadına 80 qəpiyə, pendir, göbələk ilə olanın və qızardılmışın dadına isə 1 manata baxmaq olar. Xaçapurilərin qiyməti 7 manatdan başlayır.
Səbail rayonu, Puşkin küçəsi 4B ünvanındakı Mamajan-da qiymətlər adıçəkilən məkanlardan bir qədər yüksəkdir. Belə ki, burada dana ətli xəngəlin bir dənəsinin qiyməti 1,5 manatdır. Göbələk, suluquni, kəsmiklə olan və qızardılmış xəngəli 2 manata dada bilərsiniz. Xaçapurilərin qiyməti 10-15 manat civarındadır.