2022-ci ilin ilk üç ayı ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 3 mindən çox mikro, kiçik və orta sahibkara, eləcə də biznesə başlamaq istəyən şəxslərə təlim və məsləhət xidmətləri göstərilib. Bu haqda Agentlik aprelin 20-də məlumat verib.
21 şəhər və rayonda fəaliyyət göstərən KOB inkişaf mərkəzləri (KOBİM) tərəfindən 200-dən artıq ödənişsiz biznes təlimi təşkil olunub. Təlimlər biznesin planlaşdırılması, korporativ hüquq, marketinq, satış, maliyyə, vergilər, sığorta, insan resurslarının idarə edilməsi, ixrac və digər mövzuları əhatə edib.
KOBİA tərəfindən yaradılmış videotəlim platformasından istifadə edənlərin sayı 600-ü ötüb. Videoları izləmək üçün www.kobim.az saytının videotəlim platforması bölməsində qeydiyyatdan keçmək lazımdır. Burada 180 təlim videosundan ödənişsiz şəkildə faydalanmaq olar.