Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 17 oktyabr tarixində xəbər verir.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 4 ədəd 7,62mm-lik avtomat mərmisi, 18 ədəd 5,45mm-lik avtomat mərmisi və 2 ədəd penal avtomat təmizləyicisi olduğu müəyyən edilib.
Döyüş sursatları XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.