Paytaxtın Nəsimi, Binəqədi, Nərimanov və Xətai rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bu barədə İnsanoid bu gün, 21 avqust tarixində Baş Prokurorluğa istinadən məlumat verir.
Araşdırmalarla Nəsimi rayonunun Mirəsədulla Mirqasımov, Xan Şuşinski və digər küçələrinin kəsişməsində, Binəqədi rayonunun 7-ci mikrorayon, S.S.Axundov küçəsində, Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsində, Xətai rayonunun Məhəmməd Hadi və İlqar Zülfüqarov küçələrində ümumilikdə 27 ədəd müxtəlifcinsli, çoxillik ağac və kolların qanunsuz kəsilməsi nəticəsində təbiətə 85 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin “qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə” maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.