Böyük Britaniyaya məxsus yük gəmisi Qırmızı dənizdə hücuma məruz qalıb. Bu barədə İnsanoid Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) agentliyinə istinadən bu gün, 6 fevral tarixində məlumat verir.
Hadisə çərşənbə axşamı (6 fevral -red.) gecə yarısından sonra Yəmənin Hudeydə şəhərinin qərbində baş verib.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
"Associated Press" nəşri isə Yəməndəki husi üsyançıları hücumda şübhəli bilir.
UKMTO bildirib ki, gəmiyə mərmi atılmazdan əvvəl gəminin kapitanı liman tərəfdə kiçik gəmidən xəbərdar olub. Hücum zamanı xəsarət alan olmayıb, gəmi pəncərələrinə kiçik ziyan dəyib və gəmi səyahətinə davam etmək üçün təhlükəsiz hesab edilib.
Gəminin Barbados bayrağı altında üzən Britaniyaya məxsus yük gəmisi olduğu qeyd olunub.