Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərlə bağlı vətəndaşlara müraciət edib. Bu barədə 29 yanvar tarixində Nazirlik məlumat yayıb.
"Fövqəladə Hallar Nazirliyi tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara, həyata keçirilən kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq, yenə də özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair faktlara rast gəlinir.
Belə ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən keçirilən monitorinqlər zamanı tikinti sahəsində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, o cümlədən tikintisinə müvafiq qaydada icazə alınmadan və ya verilmiş icazənin tələblərinə əməl olunmadan, torpağın təyinatına uyğun gəlməyən tikinti işlərinin aparılması, müvafiq qaydada razılaşdırmadan bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində dəyişikliklərin edilməsi faktları aşkar olunur ki, bu da insan həyatı və sağlamlığına təhlükə törətməklə yolverilməzdir. Aşkar olunan hər bir belə faktla əlaqədar Agentlik tərəfindən qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir", - deyə müraciətdə deyilir.