“Qızılcaya yoluxan şəxslərlə təmasda olanlar əvvəllər bu xəstəliyi keçiribsə, eyni zamanda iki doz peyvənd vurdurubsa, onun yenidən vaksin olunmasına ehtiyac yoxdur”. Bunu TƏBİB-nin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
Bu barədə 1 dekabr tarixində Report məlumat verib.
Onun sözlərinə görə, xəstəliyə yoluxan şəxslə təmasda olanın xəstəliyi keçirmədiyinə dair sübutu yoxdursa və heç vaxt peyvənd vurdurmayıbsa, vaksinasiya üçün müraciəti tövsiyə edilir: “Həmin şəxs təmasdan sonra ilk 72 saat ərzində peyvənd vurdurmalıdır. Peyvəndlər orta tibb ixtisası olan şəxslər tərəfindən vurdurulmalıdır”.
T.İbrahimova xatırladıb ki, TƏBİB-nin tabeliyində olan xəstəxanalarda qızılca ilə əlaqəli yatan şəxslərin stasionar müalicəsi icbari tibbi sığorta çərçivəsində ödənişsiz həyata keçirilir: "Bütün peyvəndlər istehsalçı ölkələrin tövsiyəsinə uyğun şəraitdə saxlanılır və narahatlıq üçün heç bir əsas yoxdur".