Salyanda qanunsuz narkotik dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə 24 iyul tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Saxlanılan şəxs rayonun Arbatan kənd sakini Elnur Bağırovdur. O, əvvəllər də eyni əmələ görə məhkum olunub.
Ona məxsus fərdi yaşayış evindən 338 qrama yaxın heroin, metamfetamin, 1 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Digər bir əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Qaraçala qəsəbə sakini Rahil Kərimov saxlanılıb.
Onun yaşadığı ünvanın həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 8 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.