Mətbuatın gündəmi neçə gündür “TikTok” “qəhrəmanları” ilə zəngindir. Polisin keçirdiyi əməliyyatla gah narkotik maddələri, gah əxlaqsızlığı, gah da partlayıcı maddələri təbliğ edənlər saxlanılır. Baş verən hadisələr isə ciddidir və ciddi-ciddi düşünməyə vadar edir. Axı, dəfələrlə eyni hadisələr yaşanıb və nəticə də eyni olub. Görəsən, bunlar baş verənlərdən, “həmkarlar”ının başına gələnlərdən ibrət dərsi götürmürlər?

“TikTok”da bir az izləyici yığıb canlı yayım açanlar bir müddət sonra özlərini xalq qəhrəmanı, el ağsaqqalı, el ağbirçəyi kimi aparmağa başlayırlar. İnsanlara yuxarıdan aşağı baxır, qabağına çıxana “ağıllı-ağıllı” məsləhət verir, dərin söhbətlər edirlər. Əvvəllər bu mənə alayı gəlir, içimdə onların halına acıyır və gülürdüm. Amma sonra müşahidələrim məni ciddi şəkildə yanıltdı. Onlara hətta haqq da verməyə başladım. Bu isə təsadüfən “TikTok”da azyaşlı Adəmin rayonlardan birinə səfəri ilə bağlı paylaşılan videoçarxdan sonra başladı. Kabriolet maşınla bölgəni gəzən Adəmi fanat ordusu izləyirdi. Bığıburma kişilər, tösmərək xalalar, lay-divar cavanlar əllərində mobil telefonla bir-birini tapdayaraq, itələyərək, əzərək Adəmlə şəkil çəkdirmək üçün növbəyə durmuşdular. Hələ sadə xalqın bu nümayəndələrini kənara qoyaq, elə o bölgədə obyekt və dükanlarının açılışı üçün Adəm və dədəsinin cibinə pul basan iş adamlarını görəndə Bayram Nurlu ilə şəkil çəkdirmək üçün yarışan cavanlar, əmilər, dayılar, xalalar, bibilər yadıma düşdü. Elə bu an yaddaşım özünü qurdaladı ki, a kişi, nə bölgə? Bəyəm ötən illərdə paytaxtın məşhur ali təhsil ocaqlarının birində “TikToker”lərlə görüş yadından çıxıb? Bu xatirədən beynimə gedən siqnal başıma ikiəlli qapazın vurulması ilə nəticələndi. Gör, biz nə günlərə qaldıq? Obyektlərin açılışını Adəmlər edir, universitet tələbələri ilə görüşə səy-səy videoları ilə “məşhurlaşan”, adı indi də yadımda qalmayan biri gedir, Bayram Nurlu ilə foto çəkdirmək üstündə qırğın düşür, düşük şoulara minlərlə, on minlərlə insan baxır, ağzından horra axan, bədənində bıçaq dəyməyən əzası qalmayan “nazlı-duzlu”, iki rəyə hirslənib mənim bu günə qədər eşitmədiyim (köhnə Sovetski məhəlləsində böyümüşəm) söyüşləri söyən xanımcıqlara min manatlarla hədiyyə atılır, ağsaqqal kişilər iki mən boyda oğlu ilə video çəkib qurşaqdan aşağı söyüş söyür, nəvəsinə nağıl danışmalı olan ağbirçək arvadlar bürüşmüş dodaqlarına dodaq boyası çəkib ehtiraslı videolar çəkir, çəkir, çəkir.

Eləsi də var ki, söyüş söyməyə ərindiyi üçün eləcənə bir tava pomidor yumurtanı bir zavod çörəyi ilə həzm-rabedən keçirəndə canlını açır. A kişi, girib baxırsan ki, 20-30 min adam bunun dana kimi şappaşap yemək yeməyinə baxır!

Çaşıb bir toy, nişan, yığıncaq məclisinə 5-10 izləyicisi olan “TikToker” gələ. Pay dədə! elə bil məclisə bomba düşür. Bəy, gəlin, nişanlı oğlan, nişanlı qız, ad günü olan yaddan çıxır, hamı saçını, əynini düzəldə-düzəldə telefonu sazlayıb cumur bunların üstünə ki, gəl şəkil çəkdirək!

Ay qardaş, bütün ölkə “TikTok”da video çəkir, paylaşır! Ölkənin böyük əksəriyyəti ulduz olmaq istəyir!

A kişi, ölkənin yarısı “TikTok” ulduzuna çevrilib. Bahalı, dəbdəbəli həyatlarını, maşınlarını, restoranları, evlərini hər iki dəqiqədən bir telefonun ekranından gözümüzə soxur, “niyə sən olmayasan” deyir. Elə bunu izləyən yeniyetmə, gənc, qısa müddətə asan yolla varlanmaq istəyənlər, ələlxüsus da qızlar bir gecədə çevrilib olur “TikTok”er. Deyir, kabab iyinə getmişdim, gördüm eşşək dağlayırlar. Elə yazının girişində dediyimiz kimi, tərbiyəsizlik, əxlaqsızlıq, yüngül və bəsit həyat tərzinin təbliği cinayətdir!!! Aludə olmayın! Baxmayın! Dəstəkləməyin!

Yaxşı, çıxaq küçəyə, sorğu keçirək. Bu “fenomen”lərə baxan, izləyən, hədiyyə atan, ekranını tıklayan kimdir? İnanın ki, sorğu keçirsək, 10000 nəfərdən 9990 nəfəri “TikTok” sözünü birinci dəfə eşidirmiş kimi reaksiya verəcək, ancaq sənədli filmlərə baxdığını deyəcək. Yaxşı, bəs bunlara baxan kimdir? Bunları qudurdan, bunları hədəqədən çıxaran kimdir? Heç kəs yaxasını kənara çəkməsin. Onlara bu pulu qazandıran da, yuxarı başa keçirən də, mataha mindirən də sən, mən, o, siz, biz, onlardır. Yəni, cəmiyyət! Odur ki, düşünək, cənablar, düşünək! Düşünək ki, gec olmasın! İndi deyəcəksiniz ki, əşiii biz onlara “mırta” baxırıq. Vallah da, billah da bu mırta baxmağın axırı yuxarıdakı misallarla bitir. Nə vaxta qədər ki, Adəm professor ünvanı almayıb, dodağı boyalı nənələrin, söyüş söyən ağsaqqalların, dana kimi yemək yeyən gədəçələrin könlündən parlamentdə deputat olmaq keçmir, gəlin ayılaq! Ayılaq ki, gələcəyimiz məhv olmasın.

Firuzə Babayeva