Polşada naməlum şəxs paytaxtdakı abidənin üzərinə çıxaraq özünü partlatmaqla hədələyir. Bu barədə 14 oktyabr tarixində Oxu.az sosial şəbəkələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Varşavanın mərkəzində yerləşən, təyyarə qəzası qurbanlarının xatirəsinə ucaldılmış abidənin zirvəsinə çıxan şəxsin ayağında partlayıcı qurğuya bənzəyən əşya görünür.
Polis hadisə yerini mühasirəyə alıb. Bütün Pitsudski meydanı və ətraf küçələr təhlükəsizlik zonası təyin edilib.
Qeyd edək ki, 2010-cu il aprelin 10-da Respublika Prezidenti Lex Kaçinskinin başçılıq etdiyi Polşanın rəsmi nümayəndə heyəti “Tu-154M” hökumət təyyarəsi ilə Katına səfəri zamanı faciə yaşanıb. Belə ki, görüntünün zəif olduğu və yerlə vizual təmasının olmaması şəraitində pilotlar təyyarəni endirmək qərarına gəliblər. Smolensk-Severnı aerodromunun uçuş-enmə zolağına bir neçə metr qalmış təyyarə əvvəlcə ağaclara, sonra isə yerə çarpılıb. Fəlakət nəticəsində təyyarədə olan 96 nəfərin hamısı həlak olub.
Həmin hadisənin xatirəsinə ucaldılan bu abidənin bir tərəfində faciə qurbanlarının adı, digər tərəfində isə polyak dilində “2010.04.10 tarixdə Smolensk yaxınlığında təyyarə qəzası qurbanlarının xatirəsinə” yazısı var.