“Xaçmaz Yaşayış Kompleksi”ndə işləyən əməkdaşın krandan yıxılaraq ölməsi faktına görə şirkət rəhbəri həbs edilib. Bu barədə aprelin 29-da Oxu.az məlumat paylaşıb.
“Kranpartner” MMC-nin baş direktoru Emil Paşayev 5 il 1 ay azadlıqdan məhrum edilib. Həmçinin o, cəzadan sonra 2 il müddətinə tikinti təhlükəsizliyi sahəsində rəhbər vəzifəsini tutmaq hüququndan məhrum edilib.
Hadisə 2021-ci ilin iyulunda baş verib. Şirkətdə işləyən 28 yaşlı K.Cəfərov krandan yıxılaraq ölüb.
E.Paşayev barəsində “əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsilə cinayət işi başlanılmışdı. Sonradan prokurorluq cinayət işini “tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ölümlə nəticələndikdə” maddəsinə tövsif edib.
Qeyd edək ki, “Kranpartner” şirkəti kranların quraşdırılması, onlara texniki xidmətin göstərilməsi kimi fəaliyyətlərlə məşğul olur.