Zaqatalada dağlıq ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə 3 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayonun Yuxarı Tala kəndindəki dağlıq-meşəlik ərazidə narkotik plantasiyası aşkar edilib. Ərazi dərhal nəzarətə götürülüb.
Narkotik tərkibli bitkilərin həmin kənd sakini Ceyhun Ramazanov tərəfindən becərildiyi məlum olub. O, çətənə kollarına qulluq edərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb.
Ərazidən 70 ədəd çətənə bitkisi, C.Ramazanovun həmin bitkilərdən əldə etdiyi marixuana və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.
Saxlanılan şəxsin təxminən 3 ay öncə narkotik bitkiləri becərdiyi, onlara qulluq etmək üçün süni su hovuzları hazırladığı müəyyən edilib. O, polisdən yayınmaq üçün çətənə kollarını çətin relyefli ərazidə becərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
[gallery link="file" columns="2" size="full" ids="124262,124261"]