Bugünədək Amnistiya Aktı 1 921 şəxsə şamil olunub. Bu barədə Baş Prokurorluğun nümayəndəsi Elnur Musayev dekabrın 6-da məlumat verib.
Məlumata əsasən, Amnistiya Aktı ən çox Bakıda, daha sonra isə Salyan, Sumqayıt, Xırdalan, Gəncə və digər rayonlarda tətbiq edilib.
Nümayəndənin sözlərinə görə, Amnistiya Aktı 16 xarici ölkə vətəndaşına tətbiq edilib. Onların çoxu Gürcüstan vətəndaşları olub.
“Son dövrlər cəzaların humanistləşdirilməsi üçün alternativ cəza növləri tətbiq olunur. Burada söhbət cərimələrdən və s. gedir. Cərimələrin ödənilməsində şəxslərin maddi durumu nəzərə alınır. Bugünə qədər Amnistiyanın tətbiq edildiyi cərimə cəzalarının məbləği 500 min manatdan çox təşkil edir”, - deyə E. Musayev bildirib.
Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir. Milli Məclis Amnistiya elan edilməsi haqqında qanun lahiyəsini noyabrın 5-də təsdiqləyib. Amnistiya Aktının icra müddəti 4 ay göstərilməsinə baxmayaraq daha qısa müddətdə yekunlaşması nəzərdə tutulub.