Ankarada Milli istiqlal şairi Əhməd Cavadın heykəli ucaldılıb. Bu haqda 4 may tarixində Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Açılış mayın 5-də Türk Tarix Muzeyi və Parkında baş tutacaq. Eyni zamanda,həmin gün şairin anım mərasimi keçiriləcək.
Əhməd Cavad Axundzadə 5 may 1892-ci ildə Şəmkirin Seyfəli kəndində anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda, Kənd Təsərrüfatı İnstitutunda dərs deyib, rus dili üzrə Azərbaycanın ilk professorlarından biri olub.
Şairin “İstiqlal uğrunda şeirlər” kitabı 1928-ci ildə İstanbulda çap olunur. Bununla bağlı onu sovet hakimiyyəti təqib etməyə başlayır. 3 iyun 1937-ci ildə Əhməd Cavadı Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar, beş gün sonra isə həbs edirlər.
İctimai xadim “Çırpınırdı Qara dəniz”, “Susmaram”, “Göygöl”, “Azərbaycan bayrağına” və başqa yüzlərlə şeirin müəllifidir. O, həmçinin Azərbaycan Dövlət Himninin sözlərinin müəllifidir.
Əhməd Cavad 13 oktyabr 1937-ci ildə “xalq düşməni” damğası ilə güllələnir. Şair yalnız 1955-ci ilin dekabrında bəraət alır.