Azərbaycan 26 noyabr tarixində erməni əsilli 2 nəfəri Ermənistana təhvil verib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Sözügedən şəxslərdən biri 2021-ci ilin noyabrın 16-da dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan Aramyan Arin Jirayeviçdir. Bu müddət ərzində ona zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilib.
Təhvil verilən digər şəxs - Musaelyan Mihran Ernest Ağdam istiqamətində Azərbaycan hərbçilərinin xidmət etdiyi əraziyə daxil olarkən saxlanılıb. İlkin araşdırmalara görə, onun mülki şəxs olduğu və yolu azaraq Azərbaycan ərazisinə daxil olduğu müəyyən olunub.
Qeyd edək ki, bugün, noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə görüşəcək.