Dünən Bakıda keçirilən Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasının yekununda iki ölkə arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə 11 mart tarixində Report xəbər verib.
Sənədə əsasən, İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısı yaradılacaq. Sənədin məqsədi muxtar respublika ilə yeni dəmir və avtomobil yolu əlaqələrinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.
Həmin yollar Ermənistanın dövlət sərhədinə 5 kilometr məsafədən keçəcək. Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürüb.