Azexport.az portalı ilə Türkiyənin Tradevalley portalı arasında onlayn anlaşma memorandumu imzalanıb. Bu haqda 1 dekabrda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən məlumat verilib.
Memoranduma əsasən, Tradevalley portalında Azexport.az portalına xüsusi panel ayrılacaq. Bu, 6 ay müddətində ödənişsiz istifadəyə, ticarət sorğularının və biznes təkliflərinin mübadiləsinə imkan yaradacaq. Belə ki, Azərbaycanda istehsal olunan məhsullar virtual reallıq texnologiyasından istifadə edilərək rəqəmsal sərgi zalında nümayiş olunacaq.
Azexport.az portalı 2016-cı ildə yaradılıb. Portalın məqsədi yerli məhsullar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır.
Tradevalley Türkiyədəki tədarükçüləri və istehsalçıları dünya üzrə alıcı şirkətlərlə tez və asanlıqla əlaqələndirmək üçün hazırlanan portaldır. Sözügedən platforma alıcı və satıcının hüquqlarını qoruyan və təhlükəsiz ticarət üçün "Secure Trade" adlı ödəniş sisteminə malikdir.