Azərbaycanda 2022-ci ildən "Avro-5" standartı ilə dizel, 2023-cü ildən isə benzin istehsal edilməsi planlaşdırılır. Bu barədə 29 noyabr tarixində Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) nümayəndəsi Emil Alxaslıya istinadən Trend məlumat verib.
Onun sözlərinə görə, 2020-2021-ci illərdə tikinti sektorunda mövcud çətinliklərə baxmayaraq, görülən tədbirlər nəticəsində layihənin icrasında əhəmiyyətli irəliləyiş əldə edilmişdir. Cari ilin sonunadək layihənin hazırkı mərhələsi üzrə yenidənqurma işlərinin 90%-nin tamamlanması gözlənilir.
Əlavə olaraq zavodda yeni hidrogen istehsalı qurğusu, hidrogen zənginləşdirmə qurğusu, turş suların təmizlənməsi qurğusu və kükürd istehsalı qurğusu quraşdırılacaq.
Qeyd edək ki, NEZ regionumuzun yeganə neft emalı müəssisəsidir. Zavod ölkəni Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. 2020-ci ildən NEZ-in modernizasiyası SOCAR Downstream şirkətinə həvalə olunub.