Turizm imkanlarının geniş auditoriyaya çatdırılması məqsədilə səyahət üzrə metaaxtarış mühərriki olan “Wego” platformasında onlayn kampaniyaya start verilib. Bu barədə 21 aprel tarixində Dövlət Turizm Agentliyi məlumat verib.
Məlumata əsasən, kampaniya çərçivəsində “Wego” şirkətinin feysbuk və instaqram hesabında reklam bannerləri, veb-saytında isə paytaxt Bakıda istirahət, palçıq vulkanları, Şirvan və Qızılağac Milli Parklarında quş müşahidəçiliyi, Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi haqqında məqalə yerləşdirilib.
Qeyd olunub ki, “Wego” şirkətinin əsası 2005-ci ildə Sinqapurda qoyulub. Səyahət üzrə metaaxtarış mühərriki rolunu oynayan şirkət istifadəçilərini uçuş və hotel qiymətlərini müqayisə edə biləcəkləri platforma ilə təmin edir.