Azərbaycanda “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilir. Bu haqda mayın 5-də Nazirlik tərəfindən məlumat verilib.
Sözügedən platformada əmək münasibətləri və məşğulluğa nəzarət olunacaq, ölkə üzrə boş iş yerləri barədə məlumat veriləcək. Burada ölkənin kadr resurslarının vahid elektron bazası toplanacaq.
Bu sistemin istifadəyə verilməsi ilə əmək müqavilələrinin kağız forması, əmək kitabçaları, kağız daşıyıcılarda şəxsi işlər, əmrlər, ezamiyyə vərəqələri, ştat cədvəlləri və kadr kargüzarlığı ləğv olunacaq.
İşəgötürənlər və vətəndaşlar üçün elektron kabinetlər yaradılacaq. İşəgötürənlərin kabinetində qurumun təşkilati strukturu, ştat cədvəli, bağlanılan əmək müqavilələri, vətəndaşın kabinetində isə onunla bağlanılan müqavilə üzrə məlumatlar, əmrlər, əmək fəaliyyəti üzrə digər məlumatlar əks olunacaq.
Əmək müqavilələrinin bağlanması, əlavə və dəyişikliklərin edilməsi, müqavilələrə xitam verilməsi elektron qaydada həyata keçiriləcək.