Azərbaycanda ilk dəfə yemiş sahələrinin güzəştli sığortası başlayıb. Bu haqda mayın 4-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Fermerlərə dəstək üçün yemiş təsərrüfatları üzrə sığorta haqqının yarısını dövlət ödəyəcək.
Aqrar sığortaya dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına və digər hallar aiddir. Baza sığorta zərfi ilə yanaşı, sahibkarlar yemiş təsərrüfatlarını bitki xəstəlikləri və zərərvericilərdən də sığorta edə bilərlər.
Yemişin sığorta tarifi regiondan asılı olaraq 1,87%-4,56% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 1,96% təşkil edir.
Fermerlər sığorta haqlarını və ödənişlərini «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablaya bilərlər.
Qeyd edək ki, Azərbaycanda yemiş istehsalının 24%-i Saatlı, 19%-i Kürdəmir, 17%-i Sabirabadın payına düşür.