Azərbaycan bərpa olunan enerji mənbələri sektoruna 500 milyon dollar məbləğində xarici investisiya cəlb edəcək. Bu barədə 2 dekabr tarixində Trend energetika naziri Pərviz Şahbazovun Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin enerji investisiya forumundakı çıxışına istinadən məlumat verib.
Nazirin sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərində "yaşıl enerji" zonaları yaradılır. Artıq xarici şirkətlərlə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı razılıqlar əldə olunub.
Həmçinin nazir bildirib ki, "yaşıl zonalar"ın yaradılması təşəbbüsü "yaşıl" texnologiyaların və “ağıllı” sistemlərin tətbiqini nəzərdə tutur. “Ən yaxşı enerji qənaət edilmiş enerjidir”, - deyə Pərviz Şahbazov vurğulayıb. O öz çıxışında məlumat verib ki, ötürücü və paylayıcı sistemlərdə itkilərin müvafiq olaraq 2% və 8%-dək azaldılması əsas hədəflərdəndir.