Bakıda özünü binadan ataraq intihar etmiş Fidan Niftəliyevanı şantaj edən 17 yaşlı Kərim İbrahimov həbs edilib. Bu barədə dekabrın 3-də Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Aparılmış istintaqla məlum olub ki, K.İbrahimov noyabrın 21-də mərhumun telefonunu oğurlayaraq ona məxsus olan şəxsi məlumatları əldə edib. O, zərərçəkmişin ləyaqətini mütəmadi alçaltıb. Saxlanılan şəxs “özünü öldürmə həddinə çatdırma”, “pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma”, “oğurluq” və “şəxsi həyatın toxunulmazlığını pozma” maddələri ilə ittiham edilir.
Hazırda iş üzrə istintaq tədbirləri davam edir.
Qeyd edək ki, hadisə noyabrın 27-si baş verib. Fidan Niftəliyeva özünü yaşadığı binanın 10-cu mərtəbəsindən ataraq intihar edib. Yayılan məlumatlara görə, 18 yaşlı qız sosial şəbəkələrdə paylaşılan “18+” videoları ilə şantaj edilirmiş.